“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.76-88 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
76
UDC: 297.
LBC: 86.2\3
MJ № 223
10.33864/2617-751X.2024.v7.i3.76-88
Gibran Khalil Gibran's Views on Religion
Ulviyya Aghabayova
Abstract. The great poet Gibran Khalil Gibran, who made the Arab culture
recognizable in the United States of America, succeeded in endearing his works
to European readers. He gathered many Arab intellectuals around the Pen
League, which he created in the United States, and together they promoted the
cultural heritage of the Arab world and Eastern spirituality. The work of Gibran
Khalil was greatly influenced by the Bible and the Quran. It is possible to find
different styles in his works – the Bible and the modernity, Eastern and Western
culture. Gibran Khalil, a great Christian thinker, developed both Arab and
Western cultural values and tried to synthesize them.
In his works, Gibran Khalil Gibran spoke about religious matters as well, and
even though Gibran was a Christian, he had great sympathy for the Prophet of
Islam, Muhammad Mustafa (PBUH), and did not discriminate between religions.
He was influenced by members of different religions and showed tolerance in his
creativity. At the same time, he opposed superstition in religion and criticized
Church doctrines that stifled women's rights. Gibran Khalil blamed many
mistakes not on religion itself, but on cruel laws adopted by the clergy.
The thinker sometimes aligned with pantheism in his thoughts, viewing a
human as a part of God. Gibran Khalil Gibran believed that human is a perfect in
creation. Therefore, justice must prevail among the humans who are part of God
and in society on the same level.
Keywords: Gibran Khalil Gibran, Christianity, Islam, religion, superstition,
man-God.
Doctor of Philosophy, Associate Professor,
Baku State University, Department of Philosophy and Cultural Studies; Baku, Azerbaijan
E-mail: ulviya.agabeyli@mail.ru
https://orcid.org/0000-0001-6734-1289
To cite this article: Aghabayova, U. [2024]. Gibran Khalil Gibran's Views on Religion. “Metafizika” journal, 7(3),
pp.76-88.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.76-88
Article history:
Received: 11.04.2024
Accepted: 01.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.76-88 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
77
УДК: 297.
ББК: 86.2\3
MJ № 223
10.33864/2617-751X.2024.v7.i3.76-88
Идеи Джубрана Халила Джубрана о религии
Ульвия Агабекова
Абстракт. Великому поэту Джубран Халил Джубрану, представившему
арабскую культуру в Соединенных Штатах Америки, удалось привить
любовь европейских читателей к своим произведениям. Он собрал многих
арабских интеллектуалов вокруг общества “Союз ручек”, которое создал в
США, и вместе пропагандировал культурное наследие арабского мира и
восточную духовность. Библия и Коран оказали большое влияние на
творчество Джубрана Халила. В его работах можно найти разные стили –
Библию и современность, восточную и западную культуру. Великий
христианский мыслитель Джубран Халил, развил как арабские, так и
западные культурные ценности и попытался их синтезировать.
В своих произведениях Джубран Халил Джубран много места уделял
вопросам религии, несмотря на то, что принадлежал к христианской
религии, он питал большую симпатию к Пророку ислама Мухаммаду
Мустафе (мир ему и благословение Аллаха) и не делал различий между
религиями. Он находился под влиянием представителей разных религий и
проявлял толерантность в своем творчестве. В то же время он выступал
против суеверий в религии и критиковал церковные доктрины,
ущемляющие права женщин. Джубран Халил видел множество ошибок не
в самой религии, а в жестоких законах, принятых религиозными деятелями.
Мыслитель порой склонялся в своих мыслях к пантеизму, оценивая
человека как часть Бога. По мнению Джубрана Халила Джубрана, человек
– совершенное творение. Поэтому справедливость должна
восторжествовать и среди людей, и в обществе, являющихся частью Бога.
Ключевые слова: Джубран Халил Джубран, Xристианство, Ислам,
религия, суеверие, человек- Бог
Доктор философских наук, доцент,
Бакинский государственный университет, факультет философии и культурологии; Баку, Азербайджан
E-mail: ulviya.agabeyli@mail.ru
https://orcid.org/0000-0001-6734-1289
Цитировать статью: Агабекова, У. [2024]. Идеи Джубрана Халила Джубрана о религии. Журнал
«Metafizika», 7(3), с.76-88.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.76-88
История статьи:
Статья поступила в редакцию: 11.04.2024
Отправлена на доработку: 17.05.2024
Принята для печати: 01.07.2024
“Metafizika” Journal AcademyGate Publishing
Vol 7, issue 3, serial 27, 2024. pp.76-88 p-ISSN 2616-6879; e-ISSN 2617-751X
78
UOT: 297.
KBT: 86.2\3
MJ № 223
10.33864/2617-751X.2024.v7.i3.76-88
Cübran Xəlil Cübranın din haqqında fikirləri
Ülviyyə Ağabəyova
Abstrakt. Ərəb mədəniyyətini Amerika Birləşmiş Ştatlarında tanıdan böyük
şair Cübran Xəlil Cübran əsərlərini Avropa oxucularına sevdirməyə müvəffəq
olmuşdur. O, ABŞ-da yaratmış olduğu “Qələmlər birliyi” cəmiyyətinin ətrafına
çoxsaylı ərəb ziyalılarını toplamış və birlikdə ərəb dünyasının mədəni irsini,
Şərq mənəviyyatını təbliğ etmişdir. Cübran Xəlilin yaradıcılığına İncil və
Quranın çox böyük təsiri olmuşdur. Onun əsərlərində müxtəlif üslublara rast
gəlmək mümkündür – İncil və müasirlik, Şərq və Qərb mədəniyyəti. Xristian
dininə mənsub olan böyük mütəfəkkir Cübran Xəlil həm ərəb, həm də Qərb
mədəni dəyərlərini inkişaf etdirmiş və onların sintezinə çalışmışdır.
Əsərlərində din haqqında məsələlərə yer ayırmış Cübran Xəlil Cübran xristian
dininə mənsub olmasına baxmayaraq, İslam Peyğəmbəri Məhəmməd Mustafaya
(s.a.s.) böyük rəğbət bəsləmiş, dinlər arasında ayrıseçkilik salmamışdır. O,
müxtəlif din mənsublarından təsirlənmiş, yaradıcılığında tolerantlıq nümayiş
etdirmişdir. Eyni zamanda, dində olan xurafata qarşı çıxaraq, qadın hüquqlarını
boğan kilsə ehkamlarını tənqid etmişdir. Cübran Xəlil bir çox səhvlərin dinin
özündə deyil, din xadimlərinin qəbul etdikləri amansız qanunlarda görürdü.
Mütəfəkkir bəzən fikirlərində panteizmə meyl edərək, insanı Tanrının bir
parçası kimi dəyərləndirirdi. Cübran Xəlil Cübrana görə insan mükəmməl
yaradılışdır. Ona görə də Tanrının hissəsi olan insanlar arasında və cəmiyyətdə
eyni dərəcədə ədalət hökm sürməlidir.
Açar sözlər: Cübran Xəlil Cübran, Xristianlıq, İslam, din, cəhalət, insan-
Tanrı
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Bakı Dövlət Universiteti, Fəlsəfə və mədəniyyətşünaslıq kafedrası; Bakı, Azərbaycan
E-mail: ulviya.agabeyli@mail.ru
https://orcid.org/0000-0001-6734-1289
Məqaləyə istinad: Ağabəyova, Ü. [2024] Cübran Xəlil Cübranın din haqqında fikirləri. “Metafizika” jurnalı, 7(3),
səh.76-88.
https://doi.org/10.33864/2617-751X.2024.v7.i3.76-88
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 11.04.2024
Təkrar işlənməyə göndərilmişdir: 17.05.2024
Çapa qəbul edilmişdir: 01.07.2024
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 76-88
79
1.Giriş
Məşəqqətli ömür yaşayan Cübran bin Xəlil bin Mixail bin Saad Cübran
1883-cü ildə soyuq qış ayında Livanda dünyaya göz açmış və 1931-ci ilin
baharında həyata vida etmişdir.
Cübran Xəlil Cübran əsərlərində vətəni Livanı belə təsvir edir: “Livan
Qərbin şairləri üçündür. Livan Davudun, Süleymanın və digər
peyğəmbərlərin yoxa çıxması ilə, Adəm və Həvvanın süqutu ilə reallığını
itirmiş əfsanəvi ölkədir” [LiveLib, 2023, October 28].
Cübran Xəlil həm livanlı, həm də amerikalı filosof, şair və yazıçı, istedadlı
rəssamdır. O, XX yüzilliyin məhcər ərəb ədəbiyyatının ən böyük mütəfəkkiri
hesab olunur. Ərəb mədəniyyətini Amerika Birləşmiş Ştatlarında tanıdan
böyük şair əsərlərini Avropa oxucularına sevdirməyə müvəffəq olmuşdur.
ABŞ-da yaratmış olduğu “Qələmlər birliyi” cəmiyyətinin ətrafına çoxsaylı
ərəb ziyalılarını toplamış və birlikdə ərəb dünyasının mədəni irsini, Şərq
mənəviyyatını təbliğ etmişdir.
Böyük rus mütəfəkkiri, ərəbşünas, akademik İ.Y.Kraçkovskiy Amerikada
məhcər həyatı sürmüş ərəb yazıçılarından Əmin ər-Reyhani və Cübran Xəlil
Cübranın yaradıcılığını tədqiq etmiş və göstərmişdir ki, Cübran Xəlilin
dünyagörüşü Əmin ər-Reyhaninin fikirləri ilə çox yaxındır.
Özünükamilləşdirmək, mənəvi-əxlaqi dəyərləri inkişaf etdirmək, Qərb
sivilizasiyasına qarşı məyusluq, “təbiətə dönməyə səy etmək” - onların ortaq
ideyaları idi [Крачковский, 2007, s.194-195].
2.Cübran Xəlil Cübranın yaradıcılığı haqqında
Cübran Xəlil yaradıcılığının ilk mərhələsində yaşadığı cəmiyyətə tənqidi
yanaşmış və əsərlərində sosial problemləri işıqlandırmışdır. Sonrakı
dövrlərdə ictimai-dini problemlərlə üzləşmiş, birləşdirici mövqeyə keçmiş,
əsərləri ilə sevgi dolu dinc bir mühit yaratmağa çalışmışdır ki, bu da onun
ədəbi şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdır. O, yetişdiyi
Qərb mədəniyyətinin təsirini ədəbiyyata daşımışdır. Cəmiyyətin sənətdən
təsirləndiyi kimi, sənətin və sənətçinin də cəmiyyətdən təsirlənməsi onun
simasında bir reallığa çevrilmişdi [Yeşildağ, 2020, s.6-7].
Cübran Xəlil sevgi və gözəlliyin dinini yaratmağa cəhd etmiş, insanla ətraf
aləmin vəhdətinə çalışmışdı. İ.Y.Kraçkovskiy yazırdı ki, Cübran Xəlilin
yaradıcılığına İncil və Quranın çox böyük təsiri olmuşdur. Cübranın
əsərlərində müxtəlif üslublara rast gəlmək mümkündür – İncil və müasirlik,
Şərq və Qərb – bu kimi müqayisəli fikirlər özünü göstərir [Крачковский,
2007, s.195].
Şairin dünyagörüşünün formalaşmasına Qərb mütəfəkkirlərindən ingilis
şairi, mistik və rəssam Vilyam Bleykin, alman filosofu Fridrix Nitşenin,
amerikan şairi və publisisti Uolt Uitmenin böyük təsiri olmuşdur. Xristian
dininə mənsub olan böyük mütəfəkkir Cübran Xəlil həm ərəb, həm də Qərb
Ulviyya Aghabayova
Jubran Khalil Jubran's ideas about religion
80
mədəni dəyərlərini inkişaf etdirmiş və sintezinə çalışmışdır. Əbəs yerə “İsa
mənim sinəmin bir tərəfində, Məhəmməd isə digər tərəfində oturur” –
deməmişdir.
“Suriya-Amerika məktəbi”nin nümayəndələrindən biri olan Cübran Xəlil
qərb romantizmindən, rus klassiklərinin realizmindən, Amerika və Avropa
etik - estetik fikrindən bəhrələnərək, həmin baxışları milli dəyərlərlə sintez
edərək ərəb mühacir ədəbiyyatını yeni üslubda təqdim etməyi bacarmışdır
[İmanquliyeva, 2007, s.5].
Cübran Xəlil “Peyğəmbər”, “Peyğəmbər bağı” “Çəmənlər gəlinləri”,
“Qırılmış qanadlar”, “Göz yaşı və təbəssüm”, “Musiqi”, “Yürüşlər”,
“Tufanlar”, “Qəribələr və ecazkarlar”, “Divanə”, “Sələf”, “İsa insan oğludur”
və s. əsərlərində sevgi, təbiət, etik-estetik və dini məsələlər olmaqla müxtəlif
problemlərə toxunmuşdur.
Əvvəlki tədqiqatlarımızda Cübran Xəlil Cübranın yaradıcılığında yer alan
etik-estetik, sevgi-təbiət, əmək, dostluq, sevinc və kədər, günah və cəza,
azadlıq kimi məsələlərdən bəhs etmişdik. Bu məqaləmizdə isə mütəfəkkirin
din haqqında fikirlərinə diqqət yetirmək istəyirik.
Dinlər arasında ayrıseçkilik salmayan, özünü həm müsəlman, həm də
xristian dininin nümayəndəsi hesab edən mütəfəkkir 1923-cü ildə Nyu-
Yorkda ingilis dilində qələmə aldığı “Peyğəmbər” əsərində həyat və ölüm,
xeyir və şər kimi problemlərə toxunmuş, dini, teoloji ideyalar sərgiləmişdir.
Həmin kitab haqqında yazıçı həssaslıqla yazır: “Peyğəmbər mənim min il
əvvəl düşündüyüm, lakin keçən ilin sonuna kimi bir fəsil də yazmadığım
kitabdır. Bu kitab mənim ikinci dəfə dünyaya gəlişim və ilk xaç suyuna
salınmamdır. Mən bu peyğəmbəri yaratmamışdan əvvəl, o, məni yaradıb,
mən onu yazmamışdan əvvəl o, məni yazıb...” [Cübran, 2009, s.35].
“Suriya-Amerika məktəbi”nin nümayəndələri, baxmayaraq ki, Qərb mədəni
irsinə müraciət etmişlər, onların heç biri ərəb mənəvi ruhunu
“yadlaşdırmamış”, əksinə, nə xristian, nə də İslam dinindən uzaq durmamış,
Şərq və Qərb dəyərlərinin sintezinə çalışaraq yeni üslubla onu daha da
rəngarəng etmişlər. Bunun nəticəsi olaraq, ərəb ədəbi – fəlsəfi təfəkkürü
dövrə uyğun şəkildə inkişaf etmişdir.
Cübran Xəlil Cübran fəlsəfi baxışlarında idealist mövqedən çıxış edərək
göstərirdi ki, “həyat, hər şeydən əvvəl, ruhun həyatıdır”. O, transsendental
təzahürlərlə Allahın mahiyyəti arasında əlaqədən və insanı həqiqətə aparan
peygəmbərlik problemindən, teoloji fikirlərdən bəhs etmişdir [İmanquliyeva,
2007, s.25].
3.Cübran Xəlil Cübran din haqqında
Cübran Xəlilin dini görüşləri özünəməxsus yer tutur. Xristian mühitində
böyüməsinə baxmayaraq, o, İslam dininin təsirindən yan keçə bilməmişdir.
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 76-88
81
Onun dünyagörüşünün formalaşmasında hələ kiçik yaşlarından müxtəlif din
mənsublarının böyük rolu olmuşdur. İslam, xristianlıq, iudaizm dinləri ilə və
əsasən də, sufiliklə maraqlanmış, müxtəlif janrlı əsərlər yaratmağa müvəffəq
olmuşdur. Qüssəli zamanlarında bəlkə də saatlarla təkliyə çəkilərək tez-tez
təbiətə üz tutması, təbiətlə dərdləşməsi, təbiətdən güc alması sufizmdən
təsirlənməsinin nəticəsi idi.
“Peyğəmbər” kitabında din haqqında məsələlərə yer ayıran mütəfəkkir
əsərdə Əl-Mustafanın (Peyğəmbəri belə adlandırırdı) dili ilə fikirlərini ifadə
etməyə çalışır.
“Din nədir?” – sualına Əl-Mustafanın adından cavab verir: “Məgər din
sizin bütün əməlləriniz və onların əksi deyilmi? Əlləriniz daşları yonarkən,
dəzgahları işlədərkən səyləriniz sevinc və həyəcanla ruhunuzdan tokülən
əməlləriniz deyilmi? Kim öz imanını və əqidəsini əməlindən ayıra bilər ki?
Kim saatlarını əvvəlcədən bölüb deyə bilər ki, bu Allah üçündür, bu özüm
üçündür, bu ruhum üçündür, o biri də bədən üçündür? Bütün saatlarınız
boşluqdan keçərək sizi özünüzdən özünüzə aparan iki qanaddır” [Cibran,
1982, s.67].
Buradan göründüyü kimi, yazıçı insanın əməllərini inancı və əqidəsi ilə
əlaqələndirir. Allahın insana bəxş etdiyi zamanın belə tam şəkildə ona aid
olmadığını bildirir.
Əl-Mustafa davam edir: “Əxlaqını ancaq bayırlıq paltarı kimi çiyninə
keçirən kəs, çılpaq gəzsə yaxsıdır. Nə külək, nə də günəş onun dərisini
dəlməyəcək. Kim olursa olsun, öz davranışlarını müəyyən edilmiş etik
normalara, əxlaqi qaydalara uyğun sərgiləməlidir. Bu zaman insan nəğmə
quşunu qəfəsə salmış olur. Azad nəğmələr dəmir barmaqlıqlar və ya tikanlı
məftillər arxasından eşidilməz” [Cibran, 1982, s.67].
Göründüyü kimi, mütəfəkkir insanın əxlaqi dəyərlərə həyatı boyu sahib
olmasının gərəkliyini və etik normalardan kənara çıxmamasının vacibliyini
vurğulayır.
Mütəfəkkir əsərdə qeyd edir ki, “bəzi insanlar üçün ibadət açılıb, lakin tez
bağlana bilən bir pəncərədir. Yəni həmin kəslərin imanı o qədər zəifdir ki,
sübh çağından səhərə kimi onun ruhunun evinə daxil ola bilməmişdir”
[Cibran, 1982, s.67]. Cübran Xəlil demək istəyir ki, ibadət insanın ruhundan
gəlməlidir. Vaxtaşırı ibadət edib ondan uzaqlaşmaq olmaz. Daxilən inamı
bayağı olanlar gah ibadətində olacaq, gah da ondan qaçacaq.
“Peyğəmbər” əsərində deyilir ki, “insanın gündəlik həyatı onun məbədi və
dinidir. Və nə zaman oraya daxil olsanız, bütün olanlarınızı özünüzlə aparın
– ehtiyacdan və ya zövq üçün yaratdığınız hər şeyi – kotanı, xışı, çəkici, hətta
musiqi alətinizi. Çünki dualarınızda nailiyyətlərinizdən yuxarı qalxa və ya
uğursuzluqlarınızdan aşağı enə bilməzsiniz. Özünüzlə bütün insanları aparın.
Çünki bu dualarda nə onların ümidlərindən yüksəkdə uça biləcəksən, nə də
Ulviyya Aghabayova
Jubran Khalil Jubran's ideas about religion
82
özünü onların ümidsizliyindən aşağı endirə biləcəksən” [Cibran, 1982, s.68].
Cübran Xəlilə görə, Allahın sevgisini qazanmaq üçün insan özünü bütünlüklə
ibadətə həsr etməlidir.
Mütəfəkkir həmin əsərdə yazır: “Əgər Allahı tanımaq istəyirsinizsə, Ondan
suallarınızı cavablandırmağı və səhvlərinizi düzəltməsini gözləməyin, sirləri
həll etməyə çalışmayın. Ətrafınıza baxsanız daha yaxşı olar. Allahın sizin
uşaqlarınızla oynadığını görərsiniz. Başınızı qaldırıb fəzaya baxın. Onun
buludların üzərində yeridiyini, şimşəklər şəklində qollarını iki yana uzadıb
yağış yağdırdığını görəcəksiniz. Onun çiçəklər arasından sizə gülümsədiyini,
sonra da ağaclardan yüksəlib sizlərə əl etdiyini görəcəksiniz” [Cibran, 1982,
s.68]. Bu sözlərlə Cübran Xəlil Allahın hər zaman, hər yerdə insanları
izlədiyini, müşayiət etdiyini xatırlatmaq istəyir.
Yazıçı sevgidən danışarkən, onun Allahdan keçdiyini söyləyir: əgər Sevgi
sizi “yaxalamışsa”, “Allahı ürəyimdə daşıyıram” əvəzinə, “Allahın ürəyinə
daxil oldum” - desəniz yaxşı olar. Heç zaman Sevgini istiqamətləndirə
biləcəyinizi düşünməyin. Çünki Sevgi öz istiqamətini özü seçir [Cibran,
1982, s.17].
Cübran Xəlil Cübran bütün dinlərə sevgi ilə yanaşmış və hər bir din
mənsubunu bərabər dəyərləndirmişdir. O, müsəlman, xristian, yəhudi barədə
deyirdi: “Sən mənim qardaşımsan və mən səni sevirəm. Sən məsciddə
səcdədə olanda da, kilsədə diz çökəndə də, sinaqoqda ibadət edəndə də səni
sevirəm. Sən və mən inamın – Allahın övladlarıyıq” [Wikipedia].
“Peyğəmbər” kitabında deyilir: “din islam, xristianlıq, yəhudilik və ya hər
hansı bir inanc çərçivəsində məhdudlaşmır. Onun üçün din və Allah həyatın
özüdür. Din insanların əməl və düşüncələrindədir. İnsanların gündəlik həyatı
onların mədəbi və dinidir [İmanquliyeva, 2003, s.131].
Mütəfəkkir dini təqlid etməkdən uzaq olub, Yaradana yaxınlaşmaq üçün ilk
öncə Onu qəlblərdə və duyğularda hiss etməyi insanlara aşılayırdı. O,
göstərirdi ki, dini ehkamları əzbərləməkdənsə, iman və vicdanla dini
qaydalara riayət etmək lazımdır. “Tanrı hər yerdədir” [Yeşildağ, 2020, s.10]
fikrini qəbul edərək, kilsəyə getməyin hec də vacib olmadığını söyləyən
Cübran Xəlil qadın hüquqlarını boğan dini ehkamları rədd etmişdir.
Yazıçı “Qırılmış qanadlar” əsərində cənnət-cəhənnəm, cəza-mükafat,
həyat-ölüm, ruh, Allah məsələlərinə geniş yer vermişdir. Dinin qadını
sıxışdıran, onu alçaldan, kölə halına salan bir ehkamın olmadığını deyən
Cübran Xəlil dini çətinləşdirən din xadimlərinə qarşı çıxırdı. O, xristianların
müqəddəs din adamı kimi qəbul etdikləri yepiskopun, xalqın sandığı kimi,
inanılan biri olmadığını, etdiyi bədxah işlərə müqəddəs kitabları olan İncili
alət etdiyini dönə-dönə söyləyirdi. İnsanların qeyri-şərtsiz inandıqları saxta
din adamlarının, əslində yalançı, riyakar, zalım olduqlarını bildirir və onları
ifşa edirdi. Mütəfəkkir özlərini xaricdən xeyirxah kimi göstərən, lakin
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 76-88
83
daxildən bədxah, qara qəlbli, dindən öz mənfəətləri üçün istifadə edən ikiüzlü
din adamlarını tənqid atəşinə tuturdu. Cübran Xəlil yazır: “Bu yepiskop gözəl
xasiyyətli və təmiz ruha sahib olan din adamı kimi insanları inandırmışdır.
Bu yepiskop ölkədə müqəddəs sayılan dinin başında duran adamdır. Hər kəs
itaət edib ona səcdə edir. Bu yepiskop da ətrafındakıları bir qoyun sürüsü
kimi qəssaba doğru aparır” [Yeşildağ, 2020, s.13-14].
Cübran Xəlilə görə, din xadimləri, əsasən, kasıb və yetimlərə qarşı
zorakılıq etmişlər. “Qırılmış qanadlar” əsərində Səlmanın dili ilə yepiskopun
zorla atasından onu istəməsi təsvir edilir. Səlma atasına deyir: “Anlayıram.
Hər şeyi anlayıram. Yepiskop məni səndən istədi və bu qırıq qanadlı quş
üçün bir qəfəs hazırlandı. İstədiyin bu idimi, baba?” Mütəfəkkir əsərlərində
dəfələrlə dində qadın probleminə toxunurdu. O, qeyd edirdi ki, heç bir dində
qadına qarşı zorakılıq yoxdur. Lakin qadın gələcək həyat yoldaşını belə
seçmək hüququna malik deyil. Müqəddəs kitablarda qadına qarşı bu cür
zorakılıq yer almamışdır. Qadını dəyərdən salan, ona kölə kimi baxan din
deyil, öz mənfəətləri üçün dindən istifadə edən din adamlarıdır. [Yeşildağ,
2020, s.15].
Cübran Xəlil dinə qarşı münasibətini bildirmiş, daima ruh və ağlın azadlığı
fikrini irəli sürmüş, insanları ziyan verəcək dini ehkamların hər cürünü qəbul
etməməyə səsləmişdir. Zorba din adamlarının elmsiz və cahil olduqlarını
dönə-dönə qeyd etmişdir. Yazıçı köhnə adətlərin əsirinə çevrilmiş məntiqdən
uzaq, geridə qalmış, cahil və əxlaqsız cəmiyyətin formalaşdığını və bu
zehniyyatın nəsildən-nəslə ötürüldüyünü ürək agrısı ilə qeyd etmişdi. O,
göstərirdi ki, cəmiyyətin bu cür ağır vəziyyəti getdikcə normal hala çevrilir,
keçmişdəki səhvlər sorğu-sualsız qəbul edilir. Bütün bunlara qarşı çıxanlar
isə itaətsizlikdə günahlandırılaraq cəmiyyət tərəfindən təqib edilirlər
[Yeşildağ, 2020, s.17].
Cübran Xəlil Cübran din haqqında deyirdi:
- əgər dinin məqsədi mükafatdırsa, əgər vətənpərvərlik eqoist maraqlara
xidmət edirsə, təhsil isə sosial status əldə etmək məqsədinə xidmət edirsə,
onda mən dinsiz və cahil olmağa, vətənpərvər olmamağa üstünlük verirəm
[12];
Mütəfəkkir sevgidən danışır:
- əgər sevirsənsə, demə ki, “Allah mənim ürəyimdədir”; yaxşı olar ki, “mən
İlahinin ürəyimdəyəm” – deyəsən. [13].
Cübran Xəlil Cübran insanın yaradılışından söz açaraq deyir: “Allahim, Sən
mənim qanadlı “Mən”imi yaratdın. Sənin iradən bizə əmr edir. Sənin istəyin
bizdə arzu yaradır. Gündüzə çevrilən gecələrimiz sənə aiddir. Biz Səndən heç
nə istəyə bilmərik, çünki Sən bizim ehtiyaclarımızı bizdə yaranmamışdan
əvvəl bilənsən” [14].
Ulviyya Aghabayova
Jubran Khalil Jubran's ideas about religion
84
Mütəfəkkir yazır: “Məgər din bütün bizim əməllərimiz və onların əksi
deyilmi? Yaxud din nə əməlimiz, nə də onun əksi deyil. Din ruhumuzdan
süzülüb gələn sevincimiz və həyəcanımızdır. Kim imanını, əqidəsini
əməlindən ayıra bilər? Kim zamanını bölərək deyə bilər: “Bu Allah üçündür,
bu isə mənim üçündür, bu mənim ruhum üçündür, digəri isə bədənim
üçündür?” Sizin bütün saatlarınız – sizi boşluqda özünüzdən özünüzə aparan
qanadlardır [15].
4.“Surahu-l-kubur” hekayəsi haqqında
1949-cu ildə Cübran Xəlil Cübranın yazmış olduğu “Surahu-l-kubur”
(“Qəbirlərin fəryadı”) adlı hekayə, əslində “Əl-ərvahu-l-Mutərəmmidə” (“Asi
ruhlar”) əsərində yer almışdır. Yazıçı həmin hekayədə mütləq hakimiyyətə,
sərt kilsə qanunlarına, mövcud amansız adət-ənənələrə qarşı çıxır. Əsərdə
söhbət üç adamın acı taleyindən - sorğu-sual olunmadan ölümünə hökm
oxunmasından gedir. Birinci adam bir əsgəri öldürür və ona görə də ittiham
edilir. Əslində, onun əsgərə qarşı şəxsi-qərəzliyi olmamış, nişanlısının
namusunu qorumaq üçün öldürmüşdü. Əsgər həmin dəliqanlının nişanlısını
komandiri ilə bərabər olması üçün zorla saraya götürmək istəmişdi. İkinci
adam isə zina etməkdə günahlandırılırdı. Əslində bu qadın zina etməmişdi.
Atası tərəfindən məcbur edilərək istəmədiyi birisi ilə evləndirilmişdi. Həmin
qızın həyatında isə bir-birlərini dəlicəsinə sevən gənc dəliqanlı vardı. Bir gün
həmin dəliqanlı qızın yanına gəlir və söhbət edirlər. Bunu görən əri onu zina
etməkdə günahlandırır. Və sonda qızın daş-qalaq edilərək öldürülməsinə
qərar verilir. Üçüncü adam isə oğurluqda ittiham edilirdi. Onu kilsənin qızıl
qapılarını oğurlamaqda günahlandırırdılar. Əslində isə o, icazəsiz bir miqdar
un götürmüşdü. Çünki kilsədən qovulduqdan sonra övladlarına yeyəcək bir
şey tapmadığından bu işi etmişdi. Uşaqlarının aclıqdan qıvrıldığını görən ata
buna dözə bilməmiş, kilsəyə üz tutmuş və unu götürmək istədiyi yerdə
yaxalanmışdı. Hekayədə üç qəhrəman obraz canlardırılır: birinci obraz namus
və şərəf üçün addım atmış gənc, ikinci talesiz, üçüncü isə kasıblıq, yoxsulluq
və acizliyin qurbanı olan adamdır [Nüsha, 2002, s.93].
Yazıçı “Surahu-l-kubur” hekayəsində feodalizmə, kilsə rejiminin haqsız
davranışlarına qarşı çıxır və bu davranışların səbəbini, dini istismarın hər cür
formasını ifşa etməyə çalışır. Törədilən hər bir cinayətin səbəbi olduğunu və
həmin səbəbin araşdırılmasının vacibliyini deyən yazıçı hekayəsində hər üç
qəhrəmanın dini istismara məruz qaldığını bildirir [Nüsha, 2002, s.94].
Cübran Xəlil hekayədə mövcud qanunlara qarşı çıxır. Məsələn, təsvir etdiyi
birinci qəhrəmanın əsgəri öldürməsinin səbəbi, ac övladlarını doyurmaq
istəyən atanın etdiyi hərəkətinin səbəbi öyrənilmədən onların
cəzalandırılması mövcud rejimin özbaşınalığı, kilsə qanunlarının qeyri-
ədalətli olması kimi səciyyələndirilir.
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 76-88
85
Eyni zamanda, Cübran Xəlil “Surahu-l-kubur” hekayəsində fəlsəfi
mühakimə yürüdür və insanla insan, Tanrı ilə insan arasındakı əlaqələri təhlil
etməyə çalışır. Tanrının əmr etdiyi hökmlərə qarşı çıxaraq insanlar özlərinin
qoyduqları qanunlarla hərəkət edirlər. Bu isə xoş qarşılanmayan mənfi
hallardır.
5.Mütəfəkkir tərəfindən dini ehkamların tənqidi
Cübran Xəlil Cübran dini ehkamları, dini qanunları tənqid edərək, xalqın,
kütlənin dini öz ruhlarına, ağıllarına uyğun qəbul etdiklərindən danışır:
“Qanun. Nədir qanun? Kim onu göy üzünün dərinliklərindən günəşin işığı ilə
birlikdə yerə enərkən gördü? Kim Allahın qəlbini görüb də, Onun insanlıq
haqqında düşüncələrini bildi? Hansı dövrdə, hansı nəsildə “mələklər
insanların arasına girib” zəifləri həyatın işığından məhrum edib, dəyərsiz
şeyləri qılıncın ucu ilə bitirin və xəta edənləri dəmir ayaqqabılarla üzərindən
keçin- dedilər?” Bir adam monastrı soymaq istərkən insanlar ona pis oğru
deyirlər, amma hökmdar onun həyatına son qoymaq istəyəndə, insanlar
hökmdara fəzilətli olduğunu bildirərlər. “Ərinə xəyanət etmiş qadına insanlar
pis qadın deyərlər. Amma hökmdar onu çılpaq şəkildə gəzdirərək şahidləri
tərəfindən daş-qalaq etdirəndə, bu, şərəfli bir hökmdardır- deyirlər” [Nüsha,
2002, s.94-95].
Yazıçı həmin hekayədə göstərir ki, düşüncələrim buludlarda ilişib qalan
şəfəqdəki cizgilərin bir-birinə qarışdığına bənzəyir və öz-özümə deyirəm:
“otlar torpaqdakı elementləri mənimsəyər, qoyunlar bu otları yeyər, qurd
qoyunları parçalayar, kərgədan qurdu öldürər, aslan kərgədanı ovlayar,
nəhayət ölüm aslanı yox edər. Ölümü üstələyəcək, zülümlər silsiləsini ədalətə
çevirəcək bir qüvvə varmı? Bütün pis hadisələri yaxşı sonluqla bitirəcək bir
güc varmı? Əlləri ilə həyatın bütün ünsürlərini tutub – dənizin bütün
çırpıntılarının bir ahənglə dibinə dönməsi kimi – onları gülümsəyərək bağrına
basacaq bir güc varmı? Qatil və öldürdüyü kimsəni, zina edən kimsəylə
dostunu, oğurluq edəni hökmdarın məhkəməsindən daha ədalətli bir
məhkəmənin önündə yarğılayacaq bir güc varmı?” ... “Hökmdarın öz
həyatında heç çatışmazlıqlar olmadımı? Gücsüz insandan mal və ya hər hansı
bir şey oğurlamadımı? Gözəl bir qadını arzulamadımı? Hökmdar özü bütün
bu şeylərdən məhrum idimi ki, qatilin boynunu vurdu, oğrunu edam etdirdi,
zina edən qadını rəcm etdi (daşqalaq etdi)” [Nüsha, 2002, s.95].
Bununla yazıçı məzlumların haqsız yerə zülmə məruz qaldıqlarından və
sonda həyatlarından məhrum olduqlarından üzüntü ilə danışır.
Cübran Xəlil Cübran günahkarların mühakimə olunduğu qanunların
Tanrının qanunları, yoxsa insanların yaratdığı qanunlar olduğunu anlamaqda
tərəddüd edir: “Oğrunu edam üçün ağaca çıxaran kimdir? Göy üzündən enən
mələklərmi, yoxsa əllərinə keçən hər şeyi qəsb edən insanlarmı? Bu qatilin
başını kim kəsdi? Yüksəklikdən enən peyğəmbərlərmi, yoxsa harda olursa
Ulviyya Aghabayova
Jubran Khalil Jubran's ideas about religion
86
olsun, qan tökən və öldürən əsgərlərmi? Bu qadını kim daşladı? Məbədlərə
çəkilib özlərini ibadətə həsr etmiş insanlarmı, yoxsa qaranlıq içində rəzalət
işlərlə məşğul olan insanlarmi?” [Nüsha, 2002, s.96].
Cübran Xəlil edam hökmü ilə mühakimə edilən üç adamın, əslində
günahlarının çox da agır olmadığını oxucusuna çatdırmaq istəmişdir. O,
hesab edirdi ki, günahkarların ağır cəzaya məruz qalmalarının səbəbi adət və
ənənələrin yanlış olmasındadır. Eyni zamanda, yazıçı bu üç adamın etdikləri
hərəkətdə haqlı olduqlarını anlatmaq istəmişdir. Cübran Xəlilə görə,
hökmdarın həddindən artıq səlahiyyətə malik olması və onun hökmlərinə
etirazsız, birmənalı olaraq mütilik etmək cəmiyyətin böyük xətasıdır. Digər
tərəfdən də, Cübran Xəlil göstərir ki, günahkarın söz haqqının olmaması və
Alların ədalət prinsipinin düzgün yerinə yetirilməməsi din xadimlərinin,
hökmdarın, yoxsa cəmiyyətin səhvidir? [Nüsha, 2002, s.97].
Neçə-neçə insanlar dinin, cəhalətin, xurafatın qurbanına çevrilmişdi. Ona
görə də, insanlar adət-ənənələrin qanunları ilə deyil, ədalətin hökmü ilə
cəzalandırılmalıdırlar.
Cübran Xəlil Cübran qeyd edir:
- Qan tökülməsi qadağandır. Amma hökmdar üçün bunu qanunu hala
gətirən kimdir?
- Malların oğurlanması cinayətdir. Bəs ruhların oğurlanmasını
qanuniləşdirən kimdir?
- Qadınların xəyanəti çirkindir. Lakin vücudlarının daşlanmasını “gözəl”
hala gətirən kimdir?
Pisliyə pisliklə qarşılıq verib, bu qanundur - deyirik. Günahı daha böyük
gunahla yuyub, bu adətdir - deyirik. Hökmdar özü heç bir zaman xəta
etmədimi? Hər hansı bir gücsüz insandan nəsə oğurlamadımı? Gözəl bir
qadını arzulamadımı? O özü bütün qadağalardan məsum idimi ki, qatilin
boynunu vurdu, oğrunu edam etdi, zina edən qadını rəcm etdi? Oğrunu edam
ağacına göydən enən mələklərmi çıxartdı? Qatilin başını alidən enən
peyğəmbərlərmi kəsdi? Qadını məbədlərdə ibadət edən təmiz insanlarmı
daşladı? [(Nüsha, 2002, s.100-101].
6.Nəticə
Hekayənin sonunda yazıçı məyusluğunu və kədərini bu sözlərlə bitirir:
“Günəş şəfəqin arxasında gizlənmişdi. Sanki o, insanlığın problemlərindən
bezmiş və nifrət etmişdi. Axşam təbiətin üzərini örtmək üçün kölgə və
sükunətin ipliklərindən incə bir parça toxudu. Gözlərimi yuxarılara dikdim,
əllərimi qəbirlərə və onların üzərindəki işarələrə tərəf uzadaraq yüksək səslə
bağırdım – bax, bu sənin qını torpaq olan qılıncındır, ey cəsarət! Bax, bu
sənin atəşlərin yandırdığı çiçəklərindir, ey eşq! Bax, bu sənin gecənin
qaranlığını örtdüyü xaçındır, ey İsa!!!” [Nüsha, 2002, s.104].
“Metafizika” Journal
2024, vol 7, issue 3, serial 27, pp. 76-88
87
Belə ki, Cübran Xəlil Cübran din haqqında düşüncələrini əsərlərində əks
etdirmiş, yalnışlıqları, xətaları dinin özündə deyil, din adamlarının maddi və
mənəvi mənafelərinə uyğun qanunlar qəbul edərək xalqı istismar etməsində,
kilsə qanunlarının amansız şərtlərində görürdü. İnsanların söz azadlıqlarının
olmaması, hürlərinin boğulması cəhalət və xürafatdan doğur- deyirdi Cübran
Xəlil Cübran.
ƏDƏBİYYAT
1. Cübran, X. C. (2009). Sükutun poeziyası. Bakı, Şərq-Qərb, 244 s.
2. Cibran, E. H. (1982). The prophet. Havass, 80 s.
3. Əbu Fadil, R. B. (1992). Əl-Fikru-d-Dini fil ədəbil Məhcəri (Vol. 2).
Beyrut, Dərul Cil.
4. Cibran, H. (2017). Kırık kanatlar (K. Sarıalıoğlu, Trans.). İstanbul,
Türkiye İş Bankası Kültür Yayınları. (Original work published 2017;
reprinted July 2018).
5. İmanquliyeva, A. N. (2003). Yeni ərəb ədəbiyyatı korifeyləri: XX əsrin
əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsi probleminə
dair. Bakı, Elm, 400 s.
6. Yeşildağ, A. (Ed.). (2020). Modern arap romanına sosyolojik bir bakış
denemeleri. Ankara-Turkey, İksad Publications, 148 s.
7. Nüsha. (2002). Redaksiyon: Almaz, H., Hekimoğlu, M., Polad, İ. E., &
Tuzcu, K. Ankara, Bahar 2(5), səh.91-105.
8. İmanquliyeva, A. (2007). Modern arap edebiyatının usta kalemleri:
Cibran Halil Cibran, Emin er-Reyhani, Mihail Nuayme. Kültür Sanat
Yayılcılıq. İstanbul, “Kültür sanat yayılcılıq”, 380 s.
9. Крачковский, И. Ю. (2007). Биобиблиограф (1883-1951):
Биобиблиограф. Указатель (Отв. ред. Колпакова, Н.В.). СПб.: БАН,
232 с.
10. LiveLib. (2023, October 28). Slomannye krylya: Dzhebran Halil
Dzhebran. Retrieved from https://www.livelib.ru/quote/45066754-
slomannye-krylya-dzhebran-halil-dzhebran
11. Wikipedia. (n.d.). Cübran Xəlil Cübran. Retrieved August 17, 2024, from
https://az.wikipedia.org/wiki/Cübran_Xəlil_Cübran
12. Citaty. (2023, October 28). Dzhebran Khalil Dzhebran. Retrieved from
https://ru.citaty.net/avtory/dzhebran-khalil-dzhebran/
13. LiveLib. (2023, October 28). Quotes by author Dzhebran Khalil
Dzhebran. Retrieved from https://www.livelib.ru/author/18586/quotes/~2
14. LiveLib. (2023, October 28). Prorok: Dzhebran Halil Dzhebran.
Retrieved from https://www.livelib.ru/quote/42776645-prorok-dzhebran-
halil-dzhebran
15. LiveLib. (2023, October 28). Quotes by Dzhebran Khalil Dzhebran.
Retrieved from https://www.livelib.ru/author/18586/quotes/~10
Ulviyya Aghabayova
Jubran Khalil Jubran's ideas about religion
88
REFERENCES
1. Gibran, K. G. (2009). The Poetry of Silence. Baku, Sharq-Qarb, 244
pages. (in Azerbaijani)
2. Cibran, E. H. (1982). The Prophet. Havass, 80 pages. (in English)
3. Abu Fadil, R. B. (1992). Al-Fikru-d-Dini fil Adab al-Mahjari (Vol. 2).
Beirut, Dar al-Jil. (in Arabic)
4. Cibran, H. (2017). Broken wings (K. Sarıalıoğlu, Trans.). Istanbul,
Turkey Ish Bankasi Culture Publications. (Original work published 2017;
reprinted July 2018). (in Turkish)
5. Imanguliyeva, A. N. (2003). New luminaries of Arabic literature: on the
problem of interaction between Eastern and Western literature at the
beginning of the 20th century. Baku, Elm, 400 p. (in Azerbaijani)
6. Yeshildagh, A. (Ed.). (2020). A sociological perspective on modern
Arabic novel. Ankara-Turkey, Iksad Publications, 148 p. (in Turkish)
7. Copy. (2002). Edited by: Almaz, H., Hekimoğlu, M., Polad, İ. E., &
Tuzcu, K. Ankara, Spring 2(5), pp.91-105. (in Turkish)
8. Imanquliyeva, A. (2007). Master writers of modern Arabic literature:
Gibran Khalil Gibran, Emin er-Reyhani, Mihail Nuayme. Culture and Art
Dissemination. Istanbul, “Culture and Art Dissemination”, 380 p. (in
Turkish)
9. Krachkovsky, I. Yu. (2007). Biobibliographer (1883-1951):
Biobibliographer. Directory (Otv. ed. Kolpakova, N.V.). St. Petersburg:
BAN, 232 p. (in Russian)
10. LiveLib. (2023, October 28). Slomannye krylya: Dzhebran Halil
Dzhebran. Retrieved from https://www.livelib.ru/quote/45066754-
slomannye-krylya-dzhebran-halil-dzhebran (in Russian)
11. Wikipedia. (n.d.). Cubran Xalil Cubran. Retrieved August 17, 2024, from
https://az.wikipedia.org/wiki/Cübran_Xəlil_Cübran (in Azerbaijani)
12. Citaty. (2023, October 28). Dzhebran Khalil Dzhebran. Retrieved from
https://ru.citaty.net/avtory/dzhebran-khalil-dzhebran/(in Russian)
13. LiveLib. (2023, October 28). Quotes by author Dzhebran Khalil
Dzhebran. Retrieved from https://www.livelib.ru/author/18586/quotes/~2
(in Russian)
14. LiveLib. (2023, October 28). Prorok: Dzhebran Halil Dzhebran. Retrieved
from https://www.livelib.ru/quote/42776645-prorok-dzhebran-halil-
dzhebran (in Russian)
15. LiveLib. (2023, October 28). Quotes by Dzhebran Khalil Dzhebran.
Retrieved from https://www.livelib.ru/author/18586/quotes/~10 (in
Russian)