Xəbərlər
Səyyahın son dayanacağı
SƏYYAHIN SON DAYANACAĞI - Akademik Rafael Hüseynov yazır:
...Qoca Sədi Şirazi sonra yeddi əsr dizlər üstündə olacaq, neçə nəsil uşaqların mədrəsə, böyüklərin həyat dərsliyinə çevriləcək kitabına "Gülüstan" adı vermişdi. Halbuki o kitabda gül-çiçək, bağ-bağça söhbəti getmirdi. Digər məşhur kitabına da elə təqribən bənzər ad verdi: "Bustan".
Hacı Zeynalabdin Şirvaninin də məşhur üçlüyünün hər birinin adı eyni ahəngə köklənib. "Riyaz üs-siyahə" də, "Hədaiq üs-siyahə" də, "Bustan us-siyahə" də üç fərqli ad olsa da, mənaları eynidir. Bu sərlövhələrdə "səyahət" sözündən əvvəlki kəlmələrin üçünün də mənası elə bağ-bağça, gülüstan, çiçəklər məskəni deməkdir. Elə həmin əsərin içərisində də fəsillərə ad verərkən həmin xətti davam etdirir, bölmələrə bağ-bağata uyğun başlıqlar qoyur. Hacı Zeynalabdindən əvvəl bu cür adlandırmalar üslubunu seçənlər də, Şirvani özü də, ondan sonra bu təhər edənlər də haqlı imişlər. Çünki onların sonrakı nəsillərə töhfəsi olan əsərlərinə heç vaxt qışı, payızı gəlməyəcək əbədi yaz ovqatı xasdır. Həmin kitabların səhifələrindən onların bizə söyləyişləri də, o kitablardan səsi gələn, surəti görünən insanlar da gülüstanları bəzəyən yaz çiçəkləri kimi həmişə təzə, həmişə təravətlidirlər...
...Hacı Zeynalabdin Şirvanini seçdirən bir mühüm cəhət də şövq idi. Nədən yazır-yazsın, nədən bəhs edir-etsin, bunu ürəklə, sevgi ilə yerinə yetrirdi.Bir şəhəri, bir qəsəbəni, bir dağı, bir çayı, bir ormanı hansı məhəbbətlə tərənnüm edirdisə, rastlaşdığı, oturub-durduğu və heyran qaldığı insanları da həmin eşqlə öyürdü.
Ondan yadigar qalan kitablarda iki coğrafiya var: bir - yer-yurda, ayrı-ayrı məskənlərə aid təsvirlər ki, bu, digər bəlli çoxsaylı səyahətnamələr kimi təbiətin coğrafiyasıdır; ikincisi də - təmasda olduğu insanların özlərinin və sözlərinin təsvirindən ibarət ibrətli lövhələr ki, bu da artıq insan coğrafiyasıdır. Həm də Şirvani cildlərinin gözəlliyi bundadır ki, həmin iki coğrafiya bu kitablarda iç-içədir, birini tamamlayaraq dolğunlaşdırır. Onun olub-keçdiyi yerləri nişan verərək sözlə cızdığı mənzərələr, təbii ki, vaxt ötdükcə dəyişib, vaxtın gedişiylə hansısa çayla quruyub, bir vaxtlar meşələr olmuş yerdə indi səhradır, hansısa şəhər tarix gedişində itib-batıb, hansısa kənd indi dönüb şəhər olub. Fəqət neçə yüzil keçsə də, bütün əlvanlığı ilə gələcəkdəkilərə göstərməyi arzuladığı insan mənzərələri nə təhər var elə də qalıb. Yəni haqqında yazdığı insanlar ömrünü yaşayıb gedib, lakin onların müdrik deyişləri məhz Hacı Zeynalabdinin nəcib vasitəçiliyi sayəsində indiyə yetişib, sabaha gedir, heç vaxt da əskiləşən, nimdaşlaşan deyil.
Günlərin birində gəlib yetişmişdi əhalisinin yarısının fars, digər hissəsinin türk olduğu Bədəxşana və dağlarla əhatələnmiş, daha çox səhra və çöllüklərdən ibarət bu diyarın xoş havası, dadlı suyu, verimli torpağından, göyçək xanımlarından söz açandan sonra keçirdi oralarda görüb-eşitdiyi, bəzilərilə görüşdüyü mühüm müasirləri təqdim etməyə. Rastlaşdığı şəxsiyyətlərdən biri yalnız məqamca çox yüksək deyildi, elə mənəviyyatca da zəngin idi. İlk görüşdəncə bu onun, o bunun ürəyinə yatmışdı. Hacı Zeynalabdini heyran qoyan kişi Bədəxşanın hakimi Şeyx Məhəmməd Sufi idi. Şirvani mənəvi kamilliklərin məcmusu kimi qiymətləndirdiyi Bədəxşan hakimi ilə ilk dəfə elə şəraitdə görüşmüşdü ki, Məhəmməd Sufinin o yerə gəlib çıxmasının özü səyyaha xeyli təsir etmişdi. Həmin görüşün üstündən xeyli vaxt ötəndən sonra soyumayan rəğbətlə yazırdı ki, Bədəxşan padşahı özünü yoxsullardan uca tutmayan sadə rəftarlı, ədalətli, qayğıkeş, inanclı bir adamdı və sonralar da onunla bir neçə dəfə həmsöhbət oldum.
Əlavə edirdi ki, Bədəxşan əmiri səltənətlə təriqəti birləşdirmişdi, ona görə də adına "Sufi" kəlməsi əlavə edilmişdi, kasıb-kusub adamı idi, daim fəqir-füqəranın yanında idi, onlara kömək göstərirdi, bu səbəbdən də bütün camaat ondan razı idi.
Şirvani dəqiqləşdirir ki, bir xanəgahda gecələyirdim, günlərin birində Bədəxşan hökmdarı Şeyx Məhəmməd Sufi sadə adamların toplaşdığı o yerə təşrif gətirdi, bir-bir hamıyla mehriban ünsiyyətə başladı, bir çoxlarına qızıl-gümüş, hədiyyələr verdi, günəşmənzər baxışlarını mənə yönəldərək şəfqətlə soruşdu ki, sən hansı diyardansan, hansı gülzarın gülüsən? Mən fağır da söylədim ki, Şirvandanam. Dübarə soruşdu ki, Şirvanın harasından? Dedim ki, dar ul-mulk - paytaxt Şamaxıdanam. Ardınca xəbər aldı ki, Şamaxı hansı iqlimdədir, onu kim qurub-tikib? Cavab verdim ki, Şamaxı beşinci iqlimdədir, tarixdə yazırlar ki, onu Ənuşirəvan Adil qurub-tikib.
Şirvani etiraf edir ki, sifətinin ifadəsindən bu cavablarımın hökmdarın çox xoşuna gəldiyini hiss etdim, o səbəbdən də cəsarətlənərək sual vermək üçün icazə istədim. O, "Buyur" söyləyincə qayıtdım ki, mən Şirvan vilayətindən olan sadə bir müsafirəm, siz əlahəzrət isə Bədəxşan hökmdarısınız və istər məqam, istər məkanca bizim aramızda təfavüt böyükdür. Əmirin mən fəqirə meyl və məhəbbət göstərməsinin səbəbi nədir, şəhriyarın bu xanəgaha gəlməsinin həqiqəti nədən ibarətdir, axı sultanla dərvişin nə əlaqəsi, vaciblə mümkünün nə nisbəti, dərya ilə damlanın nə işi, mən yazıqla sizin kimi hökmdarın nə haqq-hesabı? Şəhriyar inci saçan ağzını açdı və belə bir şahanə cavab verdi ki, bizim aramızda yaranan əlaqə və məhəbbətə bais olan mənəvi birliyimiz və daxili uyğunluğumuzdur. Ariflər və hikmət sahibləri məhəbbətin səbəbini insanlıqda görmüşlər, könüllərin yaxınlaşması ruhi keyfiyyətlərin uyğunlaşmasından törəyir.
Və Sultan Məhəmməd Sufi başlayır məhəbbətin mahiyyətini, fəlsəfəsini açmağa.
On doqquzuncu yüzilin başlanğıcı idi, səyyah Şirvaninin nə videokamerası vardı, nə səsyazanı. Bütün bu söylənənlərə sadəcə qulaq asaraq elə yalnız həmin anda zövq alıb keçsəydi, bu aqilanə söyləyişlər elə həmin zamanın içərisində də əriyib itəcəkdi. Ancaq o danışırdı, iti hafizəli Hacı Zeynalabdin elə həmin axşam o söylənənləri kağıza köçürürdü və iki əngin zəka sahibinin indi də, gələcəkdə də qiyməti üstündə qalan bu mükaliməsi tarixləşirdi.
Bu, hökmdarın ayaqüstü söhbəti imiş, oxuyursan (əslində Şirvaninin qeydlərini mütaliə etdikcə həmin səsi eşidirsən də) və bunun da fikrini edirsən ki, o insan - Sultan Məhəmməd Sufi yetkin filosofmuş, bu çaparaq dilə gətirdikləri də onun bədahətən yaratdığı bir eşq risaləsi imiş.
Şirvani olmasaydı, bu "eşq risaləsi" yazıya alınmazdı, o Bədəxşan hökmdarı da salnamələrdə iki-üç xəsis cümləylə xatırlanar, elə yaddaşlarda taxt-tac sahibi, buyruqlar verən hökmdar kimi qalarmış.
Sultan Məhəmməd Sufi mətləbini xırdalaya-xırdalaya məntiqi silsilə qurur, məhəbbəti beş qismə ayıraraq hər birinin necəliyini açır, ən yuxarı mərtəbədəki eşqin İlahinin Zatı ilə bağlı olduğunu deyir, lap son qatda duran ehtirası da "şəhvətdir" deyə qınayanlardan fərqli olaraq, sevgi çevrəsindən kənarda qoymur, ona da Məhəmməd Peyğəmbərin məşhur hədisinə arxalanaraq ("Mən sizin dünyanızdan üç şeyi sevərəm - qadınları, gözəl ətri və gözümün işığı namazı") qənaətbəxş cavab verir və bir eşq mühazirəsi sayılası şərhinin sonunda gəlib yetişir Şirvaninin sualına, anladır ki, insanlar arasındakı ülfət mənəvi və ilahi məhəbbətin cilvəsidir, zahirdə ünsiyyətin yaranması və birlikdə əyləşmək batini və mənəvi sevginin təzahürüdür. Sultan ola-ola sıradan olan insanlarla təmasa meyil etməsinin gizlincini belə açır ki, meyllərin və məhəbbətin həqiqəti Allahın bəxş etdiyi mənəvi sevgidən qaynaqlanır.
Hacı Zeynalabdin Şirvaninin "Riyaz üs-siyahə"sini, "Hədaiq üs-siyahə"sini, "Bustan us-siyahə"sini vərəq-vərəq çevirdikcə bir qafilə belə dərin düşüncə adamı ilə qarşılaşırsan, onların nəql edilən düşüncələri aləminə düşürsən və bir coğrafiyaşünasın əsərləri hesab edilən bu kitabların hər birinin həm də ayrıca MƏRİFƏTNAMƏ olduğu, fəlsəfi risalə siqləti daşıması qənaətində sabitləşirsən.
Hacı Zeynalabdin, təfəkkürünün əhatəsi Şeyx Məhəmməd Sufi kimi olan aqillərlə mənəvi birliyə müdam can atdığındandır ki, özü də məhəbbət əhlinə çevrilmişdi, getdiyi hər yerə sevgi aparırdı, qədəm basdığı məkanlarda da istəklə qarşılanırdı.
...Hacı Zeynalabdin Şirvani iradəli, mətin insan idi. Əzab-əziyyətə qatlaşmaqdan qorxan deyildi. Söz yox, yeniyetməlik illərindən tutub getdiyi yollar da onu bərkə-boşa öyrəncəli və hazır etmişdi. Qırx illik səyahətləri ərzində bolluca sıxıntılarla da, sarsıntılarla da üzləşmişdi. Ancaq onun həyatının bir böyük faciəsi və göynəyi əsla səngiməyən bir yarası da vardı ki, onu qarşılaşmış olduğubütün ağrılardan daha artıq yandırmışdı.
Və taleyin həvalə etdiyi başlıca missiyası ötürücülük olan Şirvani bu sirri də özü ilə haqq dünyasına aparmayıb, onu da bölüşüb gedib.
Xəbər yetirir ki, 1241-ci ildə (miladi tarixlə 1825-də) Şirazdan Kərbəlaya gedirdim. Qumşə şəhərinə gəlib çatanda oranın hakimi Məmmədqasım Süleyman oğlu Qacar mənə olmazın zülm etdi, bütün varımı-yoxumu, əmlakımı əlimdən almaqla ürəyi soyumadı. Əhl i-əyalımı və mənimlə oturub-durmuş bütün insanları həbsə atdırdı. Ancaq bunlarla da sakitləşmədi. Mənim 25 illik zəhmətimi puça döndərdi. 25 il ərzində apardığım bütün qeydlərin toplandığı vərəqlərin hamısını yandırtdı.
Təsəvvür edirsinizmi bu dərdin böyüklüyünü?
Hacı Zeynalabdin Şirvaninin hafizəsi qüvvətli idi, bu, öz yerində. Ancaq əvvələn, hər şeyi yaddaşın fəal qatında saxlamaq olmur və sanki insan özündən asılı olmayan bir fəhmlə düşüncəsindəki müəyyən adları, hadisələri, təfərrüatları nisbətən arxa sıraya çəkməklə beynin yükünü azaldır, qafasındakı ilahidən ona qismət yaddaş diskində boş sahələr yaradır. Məqamı çatanda hansısa bir işarə, xırdaca köhnə qeyd, elə bil ki, qəfilcə dərinlərdəki hansısa faylları açır və bu ipuclarının köməyi ilə keçmişləri bərpa edirsən. Hacı Zeynalabdinin də, görünür ki, həmin yandırılmış vərəqlərdə əks etdirdikləri məhz bu cür qeydlərmiş. Onlar yoxa çıxanda çox mətləbləri, dəqiq iqtibasları, adları, rəqəmləri, hekayətləri təzədən diriltmək mümkünsüz idi. O qədər mümkünsüz ki, hətta təzədən həmin 25 illik yolu bir də əvvəlindən bugününəcən getsəydi, yenə həmin yaddaş və xatirələri bərpa etmək macalı yoxdu. Olanlar olmuş, keçənlər keçmişdi.
Və buna görə də Hacı Zeynalabdin Şirvani o məşhur səyahətnamələrinin müqəddiməsində oxucusundan üzr diləyir. Heyifsilənir ki,o kağızlarım əlimin altında olsaydı, elə yazardım, indi sizin oxuduqlarınızdan da qat-qat sanballı alınardı.
Heyhat, tarixin ən çeşidli dönəmlərində, dünyanın ən müxtəlif yerlərində mübarək zəka sahiblərinə bu cür işgəncə verənlər, bu cür əzazillik edənlər həmişə olub.
Etmişlərin və həmin rəzalətlərə indi də rəvac verənlərin bu və o dünyada lənətləri heç vaxt əskik olmasın!
...Yolunun lap başlanğıcından, illah da şöhrətə çatandan sonra böyür-başında paxıllar da, bədxahlar da, təqib və təhdid edənlər də həmişə vardı, riskli yollardakı hansısa təsadüfdənmi, ya kimlərinsə məkrindənmi baş verə biləcək ölüm qorxusu da həmişə duyulurdu. Ancaq Hacı Zeynalabdin Şirvanini yollarda saxlayan, məsləkindən dönməyə qoymayan, yeni yollara və təzə əsərlər yazmağa səfərbər edən tükənməz qüvvə də vardı ki, dostları çox idi, ona candan məhəbbət bəsləyənlər də bəs deyincə idi. Həm də onların hər biri cəmiyyət içərisində ağır çəkisi olan azmanlardı. Elə biri Rzaqulu xan Hidayət.
Rzaqulu xan Hidayət tarixdə çoxçalarlı istedad və əməlləriylə qalan nadir bir şəxsiyyətdir ki, ad-sanı daha çox təzkirəçi kimi yayılıb.
XI əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər Yaxın və Orta Şərqdə sıra-sıra təzkirələr yaradılıb, əslində bir az başqa biçimdə yenilərinin araya-ərsəyə gətirilməsi indi də davam etməkdədir. Seçmələrinin miqdarı 800 civarında olan və orta çağ Şərq ədəbiyyatının güzgüsü, yol xəritəsi adlandırıla biləcək təzkirələr qatarında Rzaqulu xan Hidayətin (1800-1871) layiqli yeri var və onun doğurduğu iki təzkirə - "Məcməu-l-fusəha" və "Riyazu-l-arifin" bu qəbil məcmuələrin ən sanballı və etibarlıları cərgəsindədir.
Rzaqulu xan Hidayət ondoqquzuncu yüzildə İran cəmiyyətinin maarif və mədəni həyatında ən nüfuzlu simalardan idi və bir ara İran Darülfünununun rektoru da olmuşdu. Çoxşaxəli biliklərə və üstəlik, ədəbi istedada da malik olan, həm ədəbiyyat, həm təhsil və elm aləmində mötəbər imza sahibi Rzaqulu xan Hidayət özünü Hacı Zeynalabdinin yanında bir şagird sayır, ondan həmişə öyrəndiyini bəyan edir və ona "Hidayət" təxəllüsünü də Şirvaninin verdiyini yazırdı.
Təzkirəsində Şirvanini Təmkin - sırf şair olaraq nişan versə də, yığcam tərzdə Hacı Zeynalabdinin tam səyahət xəritəsini də açıqlayır: "Çağdaşı olan şeyxlərin söhbətlərinin təsiri ilə axırı ki, təhsilini tamam edərək, təhsildən əl çəkərək səyahətlərə ayaq açdı. Bağdada, oradan İraq i-Əcəmə, oradan Gilana, oradan Şirvan və Muğana, Talış və Azərbaycana, Təbəristana, Qəhistana, Xorasana, Zabulistan, Kabil və Hindistana getdi, uzun müddət Pəncabda, Dehli, Allahabad, Qucarat və Dekəndə qaldı, hər tayfa və qəbilə ilə ünsiyyətə girdi. Ondan sonra Hindistan adalarına, Sudan və Maçinə getdi. Limanlarda çox əziyyət çəkdi və Kəşmirə gəldi, Müzəffərabad və Kabil yolu ilə Təxaristan, Turan, Türküstan və Bədəxşan əyalətlərinə varid oldu. Daha sonra Xorasan və İraq yolundan keçərək Farsa, Omandan sonra Hicaz, Bətha, Şam və Rum vilayətlərinə gedib, yenidən İrana qayıtdı. Əlqərəz, o, düşünülmüş səyahət edib, müxtəlif xalq və millətlərlə ünsiyyətdə oldu".
Rzaqulu xan böyük səyyahın təriqət rəhbəri olması, ətrafına ardıcıllar yığılması məsələsinə də toxunur və baş verənlərin şahidi kimi Hacı Zeynalabdinin yanındakı təriqətçilərin heç də hamısının onunla sonacan həmfikir olmamasına da işarə edir: "Bir dəstə etiraf edən və danan şəxs onun ətrafına toplaşdı və hər biri müxtəlif sözlər söylədi".
Bu həqiqəti elə Şirvani özü də rübailərindən birində açıqca bildirir:
Kimlərsə bağlandı bizlərə qəlbən,
Kimsə inkar edib ayrıldı bizdən.
Baxan özün görür, biz bir güzgüyük,
Ağı ağ, qaranı qara göstərən.
Rzaqulu xanın ustaddan örnək gətirdiyi şeirlərin sırasında daha bir neçə rübai var ki, elə onlar da Hacı Zeynalabdinin Nemətullahi təriqəti istiqamətindəki mülahizələrini əks etdirməkdədir:
Biz şahdan artığıq, çox da fəqirik,
Eşqin qəmi içrə bulduq vaqiflik.
Gördük çox təriqət, neçə silsilə,
Nemətullah yolun ən doğru bildik.
Təmkin, çox şeyləri gördün və bitdi,
Getdin, çatdın, çox yol axıra yetdi.
Zahid sənə desə "kafir", qəm etmə,
Yaxşı ki, bunu da eşitdin, ötdü.
Rzaqulu xanın məlumatlarından bu da görünür ki, vaxtaşırı görüşüb söhbətləşirmişlər və o vaxt hələ heç "Riyaz üs-siyahə" də tamamlanmayıbmış, yazılmaqdaymış: "Mən fağır dəfələrlə onun söhbətinə qulaq asdım və qismətimə onunla həmməclis olmaq düşdü. Həqiqətən, bilikli və məlumatlı bir adam, aliməqam və dünyagörmüş fazil şəxs idi. O, qədim iqlimlərin, dinlərin və ölkələrin tarixi haqqında "Riyaz üs-siyahə" adlı bir kitab yazır ki, son dərəcə yenidir və bütün müasir şeyxləri də orada diqqətdə saxlayır".
Görünür, Rzaqulu xan Hidayətin təzkirəsində Hacı Zeynalabdindən peşəkar şairlər cərgəsində söz açması, onun qəzəl, qitə və rübailərindən nümunələr gətirməsi ədəbi-mədəni mühiti onun istedadının bu tərəfinə də biganə qalmamağa bir çağırış, dəvət imiş. Heyiflər olsun ki, nə Hacı Zeynalabdin Şirvani özü ayrıca şeirlər "Divan"ını tərtib edib (hər halda onun belə bir təşəbbüsünün ola biləcəyi haqda nə özü, nə də müasirləri soraq verir), nə də bir başqası həmin əslində görülməli olan işi yerinə yetirməyə həvəs göstərib. Heyiflər ki, həmin boşluq bugünədək doldurulmamışdır. Hacı Zeynalabdinin öz coğrafi əsərlərinin ayrı-ayrı fəsilləri boyunca səpilmiş mənzumələri, digər təzkirələrin, cünglərin səhifələrində uyuyub qalan şeirləri hələ Azərbaycan oxucusuna tanış deyil. Şirvaninin səyahətnamələri ilə yanaşı, şeirlərini də ayrıca toplu kimi farscadan çevirərək ədəbi dövriyyəyə qatmaq sadəcə arzulanan deyil, daha artıq - vacibdir.
Təmkin, sənə vətən olsa da Şirvan,
Sən özün ruhunla bütöv bir cahan.
Hər kəs bildiyitək danışır səndən,
Sən o təsəvvürdən daha ucasan.
Hacı Zeynalabdin Şirvani də kim olduğunu yaxşı dərk edirdi. Ancaq onun ətrafındakı Rzaqulu xan Hidayət kimi insanlar da onun kimliyini elə yaşadığı günlərin içərisində anlayırdılar, böyüklüyünü dərk edirdilər. Bu böyüklük hələ bir qədər zaman keçəndən sonra daha artıq dərk ediləcək və onları da söyləməyə ehtiyac var.
Təmkinin "Riyaz ül-aşiqin"də yer alan şeirlərinin arasında misraları bu cür məhəbbətlə çağlayanları da var:
O nigar ki sorağıyla dolaşardım cahanı,
Görmürəmmiş lap əzəldən mənə yoldaş olanı.
Gün saçar nurunu, sərgərdan olar hər şölə,
Mənəm ol zərrə ki, daim Günəşin heyranı.
Aşiqəm, dost yolunda dözərəmmi sonacan?
Ümidim çox ki, Xuda kəsməyəcək dərmanı.
Üzləşdiyi güzəran nahamvarlıqlarından şikayətnamələri kimi səslənən belələri də:
Divara çəkilmiş rəsmtək lalam,
Həsrət içindəyəm, tapmıram aram.
Komamdan çıxarmaq istərsən məni,
Nə qəm, dünya özü mənimçün bir dam.
Bu sətirlərindəsə yollar yorğunu Hacı Zeynalabdinin gözləri yenə sonsuz səmalara dikilib, o yenə Pərvərdigarla dərdləşməkdədir:
Çox gəzib dünyanı mən gördümsə də hər cür məkan,
Baxdım hər yerdə Sənə bir yol gedər aşkar, nihan.
Hər nə gördüm, ismdir, dünyadakı insan cisim,
Cismidir hər var olan, Sənsən fəqət hər cismə can.
Hey dolaşdım dünyanı, gördüm əcaib nəsnələr,
Anladım axırda, yox Səndən daha məchul olan.
Mən insan aradım dünya boyunca,
Aradım, axtardım lap qocalınca.
Təmkin, kimə açım qəlbin qəmini,
Bildim bircə Yar var, görünməz, uca!
Zahid, mənim davam səninlə deyil,
Eşqə laqeydsən, artıq özün bil.
Kamillik aradım, çox yollar keçdim,
Gördüm tək sevgidir dünyada kamil.
Hacı Zeynalabdin dünya görmüşdü, ağıl sahibi idi, yollar onu içəridən sərbəst, azadfikirli etmişdi, qəliblərə sığmırdı, zəmanənin kələkötürlüklərini görəndə səbrini basa bilmirdi, barışmaz etiraz səsini qaldırırdı:
Dövr-i kəcrəftar rəzilliklə
dolubdurbəs qədər,
Bəxt yatmışdır, zaman çaşmış,
tamam tərs dövr edər.
Yaxşılar çökmüş,
sönübdür ulduzu seçkinlərin,
Qaldırıb baş, üstdədir indi
yararsız kimsələr.
Kimdə cahillik daha çoxdursa,
meydan ondadır,
İndi onlardan gəlir dəblər,
əmrlər sərbəsər.
Kim ki alçaqdır,
onun hər bir işi sahmandadır,
Dik gəzib meydanda miskinlər
təkəbbür göstərər.
Kim bilirsə din nədir,
iman nədir, - mağmun qalıb,
İşləri hər gün olar keçmiş
günündən beşbətər.
...Qələmindən çıxan hər səyahətnamənin öz gözəlliyi olsa da, "Riyaz üs-siyahə"yə Hacı Zeynalabdin Şirvaninin "şah əsər"i desək, yanılmarıq. Bu abidənin bütövlüyü ilə üzə çıxarılması yolunda son əsr yarımda zəhmətə qatlaşmalar az olmayıb.
Yaxın və Orta Şərqin ən dərin bilicilərindən olmuş şərqşünas alim Bernhard Dorn (1805-1881) əvvəlcə Almaniyada, daha sonra İngiltərədə fəaliyyət göstərmişdi və sonra köçüb Sankt-Peterburqa gəldi və 45 il burada çalışdı. Onun fəaliyyəti əsasən akademiya, universitet, bir də imperator kitabxanası ilə bağlı idi və imperator kitabxanasının dünyanın zəngin əlyazma xəzinələrindən birinə çevrilməsinin əsas səbəbkarlarından birincisi elə Bernhard Dorndır. Onunla XIX əsrin digər məşhur şərqşünası Nikolay Xanıkov (1819-1878) arasında davamlı yazışmalar və fikir mübadilələri vardı. Günlərin birində Dorn Xanıkova məktub yazaraq Təbəristan haqqında soruşmuşdu və Xanıkov da ona Təbəristan haqqında Hacı Zeynalabdin Şirvaninin "Riyaz üs-siyahə"sindən tapdığı bilgiləri göndərmişdi. Dorn təkrar məktub yazmışdı ki, o əsərin özünü tapaq, nəşr etdirək, tərcüməsini gerçəkləşdirək. Xanıkov da necə axtarmağın yollarını göstərmiş, olsa-olsa əlyazmanın İranda tapıla biləcəyini ehtimal etmişdi. Bu güman Dornun ağlına batmış, Qafqaz canişini, eyni zamanda Rusiya Coğrafiya Cəmiyyətinin hamisi Mixail Vorontsova (1782-1856) müraciət eləmişdi. Vorontsov da öz növbəsində Xanıkova, onun adından Rusiyanın İrandakı səfiri K.Dolqorukiyə məktub yollayaraq həmin əlyazmanın axtarılıb tapılmasını xahiş etməyi tapşırmışdı. Səfir Dolqoruki də çox axtarandan sonra əlyazmanı tapmışdı. Bütün İranda o əlyazma bircə nüsxə imiş. Bu, "Riyaz üs-siyahə"nin Hacı Zeynalabdin Şirvaninin öz əlindən çıxmış orijinal nüsxəsi idi ki, Fətəli şaha pay veribmiş. Fətəli şahdan da həmin əlyazma vəliəhdə - oğlu, şahzadə Məhəmməd Rza Mirzəyə keçibmiş.
Səfir Dolqoruki Rusiya hökuməti adından müraciət edərək əlyazmanı istəyirsə də, Məhəmməd Rza Mirzə bunun yeganə nüsxə olmasını səbəb gətirərəkəsərin ölkənin sərvəti olduğunu, həmin səbəbdən də hədiyyə edə bilməyəcəyini söyləyir. Ancaq bunu da deyir ki, üzünün köçürülməsinə etirazım yoxdur.
Beləcə, o nüsxə köçürülür və əlyazma gəlib Dornun əlinə çatır. Ancaq burada "Riyaz üs-siyahə"nin yalnız birinci hissəsi idi.
"Riyaz üs-siyahə"ni Azərbaycan alimlərindən ilkin oxuyub araşdıran Abbasqulu ağa Bakıxanov idi. "Riyaz üs-siyahə"nin ikinci hissəsi Qüdsinin şəxsi kitabxanasında olmuşdu və əsər onun"Gülüstan i-İrəm"i işləyərkən topladığı mənbələrdən biri idi. Bakıxanovun vəfatından sonra həmin əlyazmanı həyat yoldaşı Səkinə xanım 1852-ci ildə Sankt-Peterburqdakı Asiya muzeyinə bağışlamışdı. Elə həmin il bu dəyərli hədiyyə haqqında Rusiya Xalq Təhsili Nazirliyinin jurnalında dərc edilən xəbər şərqşünasların diqqətini həm Hacı Zeynalabdin Şirvaninin özünə, həm də bu əsərə daha da artırır.
Beləliklə, Səkinə xanım "Riyaz üs-siyahə"nin kinci hissəsini Rusiya imperator kitabxanasına hədiyyə edəndən sonra şərqşünas alimlərin əlində bu əsər artıq bütövlüyü ilə vardı.
Həyatından əsib keçmiş bütün dəli rüzgarlara rəğmən, Hacı Zeynalabdin Şirvani xoşbəxtmiş ki, sağlığında olduğu kimi, onun əsərlərini vəfatından sonra da həssaslıqla arayırdılar və onun başlıca əsərlərindən heç biri itib-batmadı.
"Riyaz üs-siyahə"nin birinci hissəsi İranda bir neçə dəfə nəşr edilmişsə də, təəssüf ki, Azərbaycanda hələ bu istiqamətdə addım atılmamışdır. Halbuki bunu çoxdan etmək mümkün, həm də lazım idi.
1974-cü ildə şirvanişünas alim Ağamir Quliyevin tərtibində "Riyaz üs-siyahə"nin 3 kitabdan ibarət ikinci hissəsini SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Moskvada nəşr etdi.
Həmin əsər yalnız yarım əsr sonra Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun təşəbbüsü ilə Ələddin Məlikov və Şahin Yəhyayevin tərcüməsində işıq üzü gördü. "Riyaz üs-siyahə"nin birinci hissəsi isə tərcüməsi başa çatdırılsa da, hələ ki nəşr edilməyib və klassik irsimizə belə soyuq münasibət qəlb ağrıdır.
İş ondadır ki, Hacı Zeynalabdin Şirvaninin elmi və ədəbi mirası bizim yeganə böyük coğrafiyaşünasımızın yadigarıdır və sayı yüzlərlə ölçülən keçmiş şairlərimizdən fərqli olaraq, bu yaradıcılıqla bağlı nəşr və tərcümə işləri həm də ona görə ilk növbədə və təxirə salınmadan həyata keçirilməli idi ki, mükəmməl məzmunundan savayı həm də təkdir, ikincisi yoxdur.
Şirvaninin "Bustan üs-siyahə"si də, "Hədaiq üs-siyahə"si də indiyədək Azərbaycanda nəşr və tərcümə edilməyib, tədqiqatlarda da yüyrək bir şəkildə xatırlanıb. Halbuki hər iki əsərin elmimiz üçün misilsiz əhəmiyyəti var. Özü də yalnız tarix və coğrafiya baxımından yox. Hacı Zeynalabdin irsi həm də fəlsəfə tariximiz, etika elmimiz baxımından xüsusi dəyər daşıyır.
Hacı Zeynalabdin əslən Xorasandan çıxmış, uzun ömür sürmüş və bütün həyatı boyu da hakimiyyətdə olmuş Rizvan Paşa adlı aqil bir insanla söhbətlərini qələmə alıb. Söhbət günah və savab əməllərdən gedir. Həmin müdrik kişi böyük günahların sayı 700-ə qədərdir söyləyərək bunlardan heç olmazsa 50-ni etməsən, özünü kifayət qədər qorumuş olarsan deyincə, özü də dünyanın və insanın çox sirlərinə vaqif olan Hacı Zeynalabdin dərhal qələm-kağızını hazır edir, başlayır əzəmətli əmirin dediklərini bircə-bircə yazmağa. Hamısı bugünümüzdə kara gələn, millət tərbiyəsinə yardım edə biləcək hikmətlərdir.
Hacı Zeynalabdinin adı da, sözləri də orta məktəb dərsliklərində olmalıdır. Övladlar babalarını tanımasa, onların qocalmaz sözləri ilə böyüməsə, tarix yollarındakı büdrəmələr çox olar. Hacı Zeynalabdin övliyalardan saxlanc olan bir zərbülməsəli iqtibas edirdi: "Xidmət edənə xidmət edilər". Şirvani özü millətə xidmət etmiş, xidmətini davam etdirməkdə qalan ulularımızdandır. Azərbaycana xidmət etmişə xidmət göstərməkdə heç vaxt soyuqluq göstərməyək!
...Hacı Zeynalabdin Şirvani gec evlənsə, yalnız 41 yaşında ailə sahibi olsa da, onu ailəlik ömründə daha bir gecikmə də gözləyirmiş. İlk övladının yolunu 12 il gözləyəsi oldu. 53-54 yaşı olanda ilk uşağı Cəlaləddin Məhəmməd dünyaya gəldi. Ahıl çağında oğul atası olmasını sonsuz sevinclə qarşılamışdı və bunu əsərlərində də əks elətdirmişdi.
Üstündən iki il keçir, daha bir oğlu - Hüsaməddin Əli dünyaya gəlir. Ancaq bu uşaqların bəxtində doyunca ata üzü görmək yoxmuş. O çağlar idi ki, Hacı Zeynalabdin Şirvani, yenə əvvəlki kimi, kasıbyana həyat sürürdü. Onu bezməyə, sınmağa, ruhdan düşməyə qoymayan yeganə qalxanı daxili zənginliyi idi.
...Orta əsrlərdə Mərkəzi Asiyada təriqətlər çox olub. Nemətullahi təriqəti onlardan biri idi, amma əksərindən fərqlənirdi. Çünki bu təriqətin məqsədi, təbliğ etdiyi fikirlər ilk növbədə insanların rifahına yönəlmişdi.
Nemətullahi təriqəti təbliğ və təlqin edirdi ki, ən əvvəl bir-birinizə arxa durun, dayaq olun. Amma harada bir köməksiz insan, köməyə ehtiyacı olan bir şəxs də görsəniz, onun yanına tələsin, ehtiyaclarını ödəyin. Həm də yalnız maddi tələbatlarını yox. Onların mənəvi ehtiyacını da ödəyin. Nemətullahi təriqəti öyrədirdi ki, çalışın insanların biliyi daha geniş olsun, savadı artsın, bu yolda nə qədər çətinliklərlə üzləşsəniz də, geri dönməyin.
XV yüzildən, Hacı Nemətullah Vəlidən gələn bu təriqət elə XIX yüzildə də ayaq üstə idi və təriqətlər arasında ən öndəgedənlərdən idi. Yeni zaman içərisində bu təriqətin öndəri Hacı Zeynalabdin Şirvaninin həm ustadı, həm yaxın dostu Məczübəli Şah idi.
Məczübəli Şah günlərin birində sonun lap astanada durduğunu hiss edəndə təriqətə rəhbərlik etməyi də Hacı Zeynalabdin Şirvaniyə tapşırdı.
Bu, sadə bir məsələ deyil. Hacı Zeynalabdin Şirvani böyük səyyah, güclüalim,görkəmli şair idi, çağının ziyalıları arasında yüksək hörməti olan insan idi. Amma təriqət başçısı keçəndən sonra o həm də müqəddəs şəxsiyyət kimi qavranılırdı.
Və onun ardınca gedən qatar-qatar məsləkdaşları vardı.
...1838-ci il idi və 58 illik ömrünün 40 ilə yaxın bir müddətini səyahətlərdə keçirmiş Hacı Zeynalabdin Şirvani ömrünün növbəti səfərinə çıxırdı. Həyat yoldaşını da götürmüşdü, Məkkə ziyarətinə gedirdi. Ancaq bu, onun son səfəri imiş. Ölüm onu Ciddə şəhərində yaxalayır. Ciddə Həvva nənənin şəhəridir deyirlər və Şirvanini orada torpağa tapşırırlar.
Hacı Zeynalabdin Şirvaninin hələ 58 yaşı vardı. Hələ dünyaya borcları çox idi. Yazacağı əsərləri vardı. Övladlarının birinin 5 yaşı vardı, birinin 3, onları böyütməli idi. Ailəsi üçün heç bir təminat qoyub getmirdi. Sonradan yaxınları, dostları bir-birinə məktublarında (o məktublar da qalır) yazacaqlar ki, Hacının uşaqları çox kasıb, naçar vəziyyətdədirlər, onlara nə şəkildəsə kömək etmək lazımdır.
Hər dövrdə və hər yerdə olduğu kimi, yenə aqil insana zaman sərt üzünü göstərirdi. Yerinə yetirməli olduğu çox işlər, hələ boynunda çox yüklər varkən Hacı Zeynalabdin Şirvani həyatdan gedirdi.
Və onun həyatdan bu cür gedişində də bir rəmzilik vardı.
7 yaşı olanda həyatının ilk uzun səfərinə çıxmışdı. Yox, onun 40 il dediyimiz səyahətlərinin tarixini oradan başlamırıq. Amma hər halda bu, bir müqəddimə idi, bir nişanə idi, onun balacalıq həyatı səfərdən, səyahətdən başlanırdı.
Və bu həyat gərək elə səfərdə, səyahətdə də tamamlanaydı. Səfərdə, səyahətdə və müqəddəs bir yerdə tamamlandı.
Saf ömür yaşayan, o ömür içərisində də insanlarla həmişəlik qalacaq gələcəkli işlər görən şəxsiyyətlərin bir alın yazısı da beləcə həmişə müqəddəsliklə həmnəfəs olmaqdır.
25 dekabr 2024
Mənbə: 525-ci qəzet
- Tarix:2022-01-27