Xəbərlər

H.Z.Şirvaninin “Səyahət bağları” (II hissə, II cild) adlı əsəri nəşr edilib

Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” adlı əsəri işıq üzü görüb.

Kitabın adı: “Səyahət bağları” (II hissə, II cild)
Orijinal adı: “Riyaz əs-siyahət” (ریاض السیاحة)
Müəllif: Hacı Zeynalabdin Şirvani (حاج زین‌العابدین شیروانی)
Tərcümə edən: Ələddin Məlikov (Aladdin Malikov // علاءالدین ملک‌اف)
Kitabın orijinal dili: Fars dili
Kitabın tərcümə dili: Azərbaycan dili
Nəşr ili: 08.08.2024
Səhifə: 488
Nəşriyyat: “OPTİMİST” MMC
Şəhər: Bakı
Ölkə: Azərbaycan
ISBN 978-9952-561-59-3
OCLC: 1451657870

Məşhur Azərbaycan səyyahı və coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin uzun illər davam edən səyahəti zamanı apardığı yol qeydlərindən üç böyük və nəfis əsəri məlumdur: 1.“Səyahət bağları” (“Riyaz əs-siyahət”), 2.“Səyahət bağçaları” (“Hədayiq əs-siyahət”) və 3.“Səyahət bustanı” (“Bustan əs-siyahət”).

Filosof, səyyah, şair, etnoqraf, coğrafiyaşünas alim Hacı Zeynalabdin ibn İskəndər Şirvani Nemətullahi (1780-1838) özünün “Riyaz əs-siyahət”, “Hədayiq əs-siyahət” və “Bustan əs-siyahət” adlı əsərlərində Asiya, Avropa və Afrika xalqlarının mədəniyyəti, ictimai fikri, fəlsəfəsi, ədəbiyyatı və tarixi haqqında qiymətli məlumatlar vermişdir. H.Z.Şirvaninin ilk qələmə aldığı “Riyaz əs-siyahət” əsəri Abbasqulu Ağa Bakıxanovun (1794-1847) da xüsusi diqqətini cəlb etmiş və onu “zəngin və faydalı xəzinə” adlandırmışdır. Akademik Bernhard Dorn (1805-1881) “Riyaz əs-siyahəti” “ən yaxşı kamil mənbə” və professor Çarlz Anri Rio (1820-1902) isə “tarixi və bioqrafik məlumatlarla zəngin olan coğrafi bir əsər” olaraq qeyd etmişdir.

H.Z.Şirvani “Riyaz əs-siyahət” əsərinin önəmli hissəsini 1821-ci ildə Qomşe şəhərində (indiki “Şəhrza” şəhəri) və digər hissəsini isə 23 iyul 1827-ci ildə Şiraz şəhərində tamamlamışdır.

Azərbaycanlı tarixçi A.A.Bakıxanov, rus tarixçisi akademik B.A.Dorn, rus şərqşünası N.V.Xanıkov (1819-1878), azərbaycanlı maarifçi F.Köçərli (1863-1920), rus etnoqraf və səyyahı Nikolay-Nikolayeviç Mikluxo-Maklay (1846-1888), fransız şərqşünası Anri Massenin (1886-1969) çox böyük qiymət verdiyi “Səyahət bağları” adlı əsərin II hissəsinin II cildi Ələddin Məlikov tərəfindən tərcümə edilmişdir. Əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov (1967-...), redaktoru Şahin Yəhyayev, rəyçiləri isə tarix elmləri doktoru professor Şahin Fazil (1940-...) və tarix elmləri doktoru Vasif Qafarovdur.

Oxuculara təqdim edilən “Səyahət bağları” əsəri bu ad altında alimin yazdığı kitabın ikinci hissəsidir. İkinci hissənin özünün üç cilddə çap edilməsi nəzərdə tutulur. Bu əsər “Səyahət bağları” adlı kitabın ikinci hissəsinin ikinci cildinin tərcüməsidir. Kitabda verilən bir çox məlumatlar Azərbaycan dilində ilk dəfədir ki, işıq üzü görür.

Məşhur Azərbaycan səyyahı və coğrafiyaşünası H.Z.Şirvaninin uzun illər davam edən səyahəti zamanı apardığı yol qeydləri əsasında yazdığı “Səyahət bağları” əsərinin ikinci hissəsinə aid olan ikinci kitabda Türkiyə, Aralıq dənizi sahilləri, Ərəbistan, Oman və Yəmənə aid məlumatlar toplanmışdır. Kitabda həmin ərazilərin tarixi, coğrafiyası, əhalisi, adət-ənənələri, tarixi-mədəni abidələri, tarixi şəxsiyyətləri və onlarla apardığı müzakirə və söhbətlər haqqında zəngin məlumatlar verilir. Əsərdə xüsəsən də müəllifin özünün müşahidə etdiyi XIX əsrin əvvəlinə aid olan məlumatlar və bu dövrdə baş verən maraqlı hadisə və proseslər coğrafiyaşünaslar, tarixçilər və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün aktual ola bilər. Ümumiyyətlə, dünya şöhrətli məşhur səyyahın qeydlərini yazmasından iki əsr sonra, ana dilinə tərcümə və çap edilən əsərləri oxucular üçün maraqlı olacaq.

Məlumat üçün qeyd etmək lazımdır ki, “Səyahət bağları” adlı əsərin II hissəsinin I cildi Şahin Yəhyayev tərəfindən tərcümə edilmişdir. Əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, rəyçiləri isə tarix elmləri doktoru professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur. “Səyahət bağları” əsərinin ikinci hissəsinə aid olan birinci cildində Mərkəzi Asiya, Pakistan, Türkiyə haqqında səyahət qeydləri, düşüncələri, bu ərazilərin təbii-coğrafi şəraiti, əhalisi, etnoqrafiyası, tarixi, şəhərləri və kəndləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlar yer alır.

OCLC Number / Unique Identifier: 1451657870

Hazırladı: Aygün Məmmədova, t.ü.f.d., AJB üzvü

  • Tarix:2022-01-27