Xəbərlər

“Metafizika” jurnalının Redaksiya Heyətinin sədri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadəyə  

Çox hörmətli Könül xanım!
Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı statusuna malik “Metafizika” jurnalının mənə göndərilmiş ilk nüsxəsini məmnuniyyətlə aldım. Sizin məqalənizlə, həmçinin digər elmi araşdırmalarla diqqətlə tanış oldum. “Metafizika” jurnalının uğurla nəşrə başlamasını və artıq oxucu auditoriyası qazanmağını yüksək elmi hadisə kimi qiymətləndirirəm. Istedadlı gənclərimizin elmi araşdırmalarını və təfəkkür, düşüncə səylərini bir “kəsişmə nöqtəsi”ndə toplamaq və onları düzgün istiqamətləndirmək olduqca vacibdir. Istərdim ki, hörmətli jurnalınızı “ünvan” kimi qəbul edən cavan müəlliflər ciddi araşdırmalarının nəticəsində yazılmış məqalələrini buraya təqdim etsinlər. Həmçinin arzu edirəm ki, müəlliflər həddindən artıq mürəkkəb yazmağa, çoxlu terminlər işlətməyə çalışmasınlar. Şərh aydın, sadə və anlaşıqlı olmalıdır. Jurnal beynəlxalq statusa malik olduğundan dünyada və xüsusilə də öz doğma Azərbaycanımızda işıq üzü görmüş elmi-nəzəri düşüncələr onun səhifələrində yer almalıdır. “Metafizika” jurnalına uğurlu fəaliyyət arzulayıram.  

İZZƏT RÜSTƏMOV
Bakı Dövlət Universiteti Sosiologiya kafedrasının müdiri,
fəlsəfə elmləri doktoru, professor,
akademik S.İ.Vavilov adına medalın laureatı.
  • Tarix:2022-01-27